• Bakı C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Azərbaycan beynəlxalq arenada: "Bu layihələr xalqımızın sosial rifahını daha da yaxşılaşdıracaq"

MEDİA

23 Iyul 2021 | 15:14

Azərbaycan beynəlxalq arenada: Bu layihələr xalqımızın sosial rifahını daha da yaxşılaşdıracaq

İstiqamət: 6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra müstəqil xarici siyasət həyata keçirir. Bu siyasət Azərbaycan dövlətçiliyini müntəzəm şəkildə möhkəmləndirib inkişaf etdirməyə və milli mənafeləri qorumağa yönəlib. Azərbaycan öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə  müdaxilə edilməməsi prinsipləri əsasında qurub.

Politoloq Anar Əliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra beynəlxalq münasibətlərin bərabərhüquqlu üzvünə çevrilmək istiqamətində bir sıra uğurlu addımlar atdı: “Azərbaycan regional və beynəlxalq təşkilatlara üzv oldu, Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən müstəqil dövlət kimi tanındı. Regionda maraqları olan böyük güclər, eləcə də, digər dövlətlər tərəfindən müstəqilliyi qəbul edildi.

Azərbaycan dövləti Qarabağ bölgəsi də daxil olmaqla beynəlxalq səviyyədə tanınan sərhədlərimiz daxilində beynəlxalq münasibətlərin bərabərhüquqlu subyektinə çevrildi. Ötən müddət ərzində Azərbaycan region dövlətləri, o cümlədən regionda maraqları olan dövlətlərlə qarşılıqlı, ikitərəfli və çoxtərəfli müqavilələr imzalamaqla həm müstəqilliyimizin əbədiliyinə, həm də siyasi-iqtisadi inkişafımızı şərtləndirən bir sıra addımların atılmasına nail oldu.

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində Azərbaycanın üzləşdiyi çox böyük problemlər və bu problemlərin həlli istiqamətində Azərbaycan beynəlxalq aləmdə ala biləcəyi dəstəklə bağlı atdığı addımları qeyd etmək istəyirəm. Məhz bu addımların nəticəsi olaraq 2020-ci ilin sonlarında Azərbaycan Ermənistanın növbəti təxribatlarına cavab olaraq ərazi bütövlüyünün təmin edilməsi istiqamətində başlatdığı Vətən müharibəsi zamanı beynəlxalq aləmdən zəruri dəstəyi əldə edə bildi”.

A.Əliyev bildirib ki, Azərbaycan dövlətinin uzun onilliklər çərçivəsində həyata keçirdiyi düşünülmüş xarici siyasət çərçivəsində qonşu dövlətlərlə, regionda maraqları olan böyük dövlətlərlə, beynəlxalq təşkilatlarla qurulmuş düzgün və səmərəli əlaqələrin nəticəsi olaraq həmin dövlətlər və beynəlxalq təşkilatlar böyük üstünlüklə Azərbaycanın haqq  mübarizəsində ona dəstək verdilər: “Mən Azərbaycanın BMT-dəki fəaliyyətini, Qoşulmama Hərəkatına üzvlüyünü və hərəkatdakı fəal münasibətlərini xüsusilə qeyd etmək istəyirəm. Məhz bunun nəticəsidir ki, Azərbaycan 2019-cu ildən Qoşulmama Hərəkatına rəhbərlik edir. Üç il müddətində dünyanın ikinci böyük təşkilatı Azərbaycan dövləti, onun prezidenti cənab İlham Əliyev liderliyi ilə fəaliyyət göstərir. Və növbəti bir ildə də Azərbaycana bu təşkilata rəhbərlik etməklə bağlı təklif edilib və Azərbaycan bu təklifi qəbul edib. Ümumiyyətlə, hesab edirəm ki Azərbaycan dövləti regionumuzda, Cənubi Qafqazda həyata keçirilən bir sıra regional və qlobal səviyyəli layihələrin-enerji layihələrinin həyata keçirilməsində, nəqliyyat-kommunikasiya əlaqələrinin, müxtəlif istiqamətli dəhlizlərin yaradılmasında və bu layihələrin fəaliyyətinin təmin olunmasında Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə məsuliyyətlə yanaşmağı nəticəsində Azərbaycan dövləti beynəlxalq aləmdə digər dövlətlər tərəfindən etibarlı partnyor kimi qəbul edilib.

Belə uğurlu fəaliyyətin nəticəsidir ki, Azərbaycan dövlətinin yaratdığı reallıqları və bu reallıqların şərtlərini nəzərə almadan bölgəmizdə, regionumuzda heç bir addımın atılması mümkün deyil. Bunlar Azərbaycan dövlətinin artan nüfuzundan xəbər verir. Eyni zamanda Azərbaycan dövlətinin qonşu və digər dünya dövlətlərilə əlaqələrinin daha da  genişləndirilməsi və səmərəli müstəviyə keçirilməsi istiqamətində uğurlu addımların atıldığını göstərir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bunda sonra da qonşularla sülh və əmin-amanalıq şəraitində, iqtisadi maraqların təmin olunması istiqamətində daha da uğurlu layihələrə imza atacaq. Bu layihələr Azərbaycan xalqının sosial rifahını yaxşılaşdırmaqla yanaşı dövlətin beynəlxalq nüfuzunu daha da yüksəklərə qaldıracaq”.

Politoloq İlyas Hüseynov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu gün beynəlxalq münasibətlər sistemində Azərbaycan etibarlı tərəfdaş kimi öz nüfuzu və potensialı ilə seçilir: “Azərbaycanın dünyanın aparıcı güc mərkəzləri ilə qarşılıqlı etimada əsaslanan münasibətləri inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünya liderləri səmimi dialoqu və əlaqələri xarici siyasətimizin ən başlıca uğur faktoru və strateji baxımdan əsas istiqamətləndirici qayəsini təşkil edir. Eyni zamanda regional siyasət baxımından bir sıra ölkələrin dövlət başçıları ilə möhkəm dostluğu da bölgədə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində mühüm rol oynayır”.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin Moskvaya səfərində mühüm razılıqlar əldə olundu: “Prezident İlham Əliyevin “münaqişədən sonrakı dövr” ifadəsini işlətməsi təsadüfü deyil. Bu onu göstərir ki, artıq bu məsələ arxada qalıb. Əsas məsələ bölgənin inkişaf etdirilməsidir. Rusiya ilə hər hansı açıq və ya mübahisəli məsələnin olmamasını, regional məsələlərdə Azərbaycan və Rusiyanın baxışlarının üst-üstə düşməsini də qeyd etməliyik. Rusiya kommunikasiyaların daha tez açılmasında maraqlı görünür. Çünki bu, onlara da daha çox lazımdır. Sözügedən məsələdə Ermənistan Avropa İttifaqına güvənir. Aİ-də Qarabağ məsələsində Rusiyanın moderatorluğunu həzm etmək istəmir.

Bu xüsusda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səfəri də aktuallıq kəsb edir. Avropa İttifaqı Azərbaycan xarici ticarətində mühüm yeri vardır. Eyni zamanda Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır. Enerji tərəfdaşlığından daha geniş tərəfdaşlığa keçid gözlənilir. Şarl Mişel ilə görüşdə “status” və ya münaqişə məsələlərinə toxunulmaması da göstərir ki, hər iki tərəfin bu məsələdə baxışları üst-üstə düşür. Aİ Azərbaycan nəqliyyat infrastrukturuna maraq göstərir və Azərbaycanın qısa müddətdə regional nəqliyyat-logistika mərkəzinə çevrilməsi mühüm əhəmiyyət kəsb edir”.

Ramid İbrahimov 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.  


SON XƏBƏRLƏR

28 Mart 2024