• Bakı 19° C

    8.03 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Diqqət Soçiyə: Üçtərəfli görüş nə vəd edir? - AÇIQLAMA

Gündəm

26 Noyabr 2021 | 11:49

Diqqət Soçiyə: Üçtərəfli görüş nə vəd edir? - AÇIQLAMA

Bu gün Rusiyanın Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.
Liderlərin dekabrın 15-də isə Brüsseldə görüşəcəyi gözlənilir. 

“Bu görüşlər, əgər baş tutacaqsa son dərəcə vacib bir əhəmiyyətə malikdir. Çünki post-müharibə dövründə artıq bu görüşlərin keçirilməməsi belə bir şərait yaradır ki, qeyri-müəyyənlik bir az formalaşır, sonra yeni sualları ortaya çıxarır. Xüsusilə də biz gördük ki, noyabr ayında Ermənistanın növbəti sərhəd təxribatları nə ilə nəticələndi. Əlbəttə Azərbaycan dövləti bu proseslərdə müharibə səhifəsini çoxdan bağlamağa hazır olduğunu bildirib, göstərib, təsdiqləyib”. 
Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib.
Politoloqun sözlərinə görə, Ermənistanda isə istər rəsmi şəxslər, istərsə də, küçələrdə və meydanlarda səs-küy qaldıran müxalif qüvvələr hələ də elə bir tərzdə hərəkət edirlər ki, guya heç bir şey müəyyən deyil, qarşıdurma davam edir və Ermənistanın bu qarşıdurmada üstünlüyü öz əlinə keçirmək şansı var: “Bəli, biz çoxdan proseslərə hazır olduğumuzu bildirmişik və prezident İlham Əliyev dəfələrlə həm Rusiya rəhbərliyinə, həm də Ermənistan rəhbərliyinə xəbərdarlıq edib ki, Azərbaycanın bütün proseslərlə bağlı aydın yanaşması var. Biz sülh sazişi istiqamətində də delimitasiya və demarkasiyasını keçirtməyə hazır olduğumuzu bildirmişik, nəzərə çatdırmışıq. Sadəcə Ermənistan bu proseslərlə bağlı həmişə müəmmalı bir mövqe sərgiləyir. Çalışır elə bir görüntü yaratsın ki, guya proseslərlə boşluqlar var və onlar Azərbaycanın mövqeyindən, ucbatından irəli gəlir. Ancaq əslində biz bilirik ki, bu belə deyil və bütün proseslərin əgər onların ləngiməsi, onların çətinləşməsi varsa, hamısı məhz Ermənistanın yanaşmasından qaynaqlanır. Çünki biz öz sözümüzü demişik, mücadilə meydanında da Ermənistanın cavabını vermişik və anlatmışıq ki, prinsip etibarilə məsələ həllini tapıb. Düzdür, bir yığın separatist, tərksilah edilməmiş ünsürlər Xankəndində və onun ətrafında vardırlar və onların vasitəsilə də qondarma nazirlər, qondarma hökumət, qondarma parlament hələ vaxtaşırı səslərini çıxarırlar. Guya bunlar fəaliyyət göstərirlər, guya bunların xaricdə ciddi siyasi dayaqları var və sair. Bəzi qondarma separatçılar hətta Fransaya səfər ediblər, orada rəsmi səviyyədə qarşılanıblar və Azərbaycan tərəfi buna öz qəti münasibətini bildirib. Hətta  dünən Milli Məclisdə artıq bir qrup deputatlar Fransanın həmsədrlikdən xaric edilməsi məsələsini gündəmə gətiriblər və bu barədə müzakirə və çıxışları olub. Odur ki, Azərbaycan həm Moskvanı, həm İrəvanı çoxdan agah edib ki, proseslərin həllinə hazırdır, aydın baxışları var, inanıram ki, Soçidə ola bilsin ki, bu proseslər artıq həqiqətən də həll mərhələsinə çıxsın. Çünki Ermənistanın süründürmələri, qeyri-müəyyən yanaşmaları, gah mıxa, gah nala vurması həqiqətən də problemli şəraiti gücləndirməyə hesablanıb. Ona görə biz buna əlbəttə ki, icazə verməyəcəyik. Bizim həqiqətən də konkret yanaşmalarımız özünəməxsus həlledici rolunu oynayır. Təbii ki, burada Rusiya rəhbəri ilə Azərbaycan rəhbəri arasında olan qarşılıqlı etimad anlaşma şəraitində öz rolunu oynayacaq. Çünki Rusiya üçün bu artıq yenilik deyil ki, Azərbaycan adekvatdır, Azərbaycan işgüzardır və Azərbaycan həm də danışıqlardan, görüşlərdən razılıq əldə etmək imkanları baxımından da məhsuldardır. Burada ümid onadır ki, Ermənistanla Moskva daha sıx işləsin, Ermənistanın rəhbəri Nikol Paşinyanı daha ciddi tərzdə məsuliyyətə çağırsın. Çünki məhz burada məsuliyyət və qətiyyət məsələləri aparıcı rol oynayır”. 

Politoloq bildirib ki, Brüsseldə keçiriləcək görüşlə bağlı müxtəlif mülahizələr yaranır ki, guya Avropa İttifaqı ümumiyyətlə, Qərb birliyi Rusiyanın təşəbbüskarlığının qarşısını bu minvalla alacaq: “Hətta Minsk qrupunun çərçivəsində də haçalanma var idi. Moskva bir yanda, Vaşinqtonla Paris digər yanda və onlar sabit, sakit tərəfdə bu baxımdan öz münasibətlərini həll ediblər. Bizim hesabımıza çalışırdılar ki, özləri üçün divident qazansınlar. Bizim üçün əlbəttə önəmlidir ki, problem, münaqişə tez bir zamanda həllini tapsın. Uzun illər keçdi və nəhayət biz öz sözümüzü deyərək bu problemin həllinə nail olduq. Bu bir növ elə bütün moderatorların, bütün iştirakçıların, vasitəçilərin özünə başucalığı və siyasi dividentlər gətirmədi. 
İndiki mərhələdə yenə də onlar ikibaşlı oyunlara rəvac verirlər, xüsusilə burada Fransanın mövqeyi diqqət çəkir. Çünki bu sözün əsl mənasında mənfur mövqedir. Rusiyada olsun görüş, Soçidə, Brüsseldə olsun, amma bu görüşlərin çoxluğu, digər qüvvələrin bu proseslərə qatılması Azərbaycanın mövqeyinə heç bir dağıdıcı təsir göstərə bilməyəcək. Bizim mövqeyimiz məhz Bakıda formalaşır. Azərbaycanın siyasi rəhbərliyi bu proseslərin hamısını nəzarətində saxlayaraq özünün yanaşmasını ifadə edir. Biz bildiririk ki, əgər Ermənistan həqiqətən də sülh istəyirsə, gərək bu sülhə hazırlığını əməli işləri ilə təsdiqləsin. Əgər bunu etməyəcəksə və digər qüvvələr də onu bu işə vadar edə bilmiyəcəklərsə, əlbəttə, onda ümid bir şeyə qalır ki, biz daim Ermənistanın təxribatlarının qarşısını alacaq, özü də amansızcasına. Bunu bilsinlər ki, artıq onlara heç bir imkan verilməyəcək ki, burada atmosferi zəhərləsinlər, Dünya Birliyini çaşqın vəziyyətə gətirib çıxarsınlar. Guya ki, məsələ hələ həllini tapmayıb, status guya var, olacaq, Dağlıq Qarabağ adlı bir anlayış var. Xeyr, yoxdur. Bu məsələlər hamısı gündəmdən keçdi getdi. Təsadüfi deyil, ki, prezident Əliyev deyir ki, Dağlıq Qarabağ ərazi vahidi artıq dövriyyədə yoxdur və çox gözəl ki, Dünya Birliyində də onun bu çağırışı BMT tribunasından səsləndirilmişdi. Artıq dünyada həm bəyənilir, həm qiymətləndirilir, həm də ona riayət edilir. Odur ki, Ermənistan gərək bu proseslərin hamısını nəzərdə saxlasın, özünün qondarma, əldəqayırma Qarabağ nazirlərinin bu dırnaqarası fəaliyyəti ilə təsdiqləməsin.
Əgər sülh istəyirsə, Xankəndində ətrafında olan erməni azlığının həyatının sabit, sakit axarla davam etsin, onda gərək Azərbaycan dövlətinə bu proseslərdə mane olmasınlar. Bizim həm siyasətimiz, həm diplomatik imkanlarımız hücum mövqeyində olmağa imkanları verir”. 
Ramid İbrahimov 


SON XƏBƏRLƏR

19 Aprel 2024