• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

“İctimai nəzarətin formalaşmasında medianın rolu” müzakirə edildi

MEDİA

18 Yanvar 2022 | 15:49

“İctimai nəzarətin formalaşmasında medianın rolu” müzakirə edildi

Yanvarın 18-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində bir sıra media subyektlərinin rəhbər və nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Bakıvaxtı.az xəbər verir ki,  “İctimai nəzarətin formalaşmasında medianın rolu”nun müzakirə olunduğu görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibədən irəli gələn vacib məqamlara toxunulub, ictimai nəzarətin formalaşması və həyata keçirilməsində medianın roluna diqqət çəkilib.

MEDİA Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, Prezidentin yerli televiziya kanallarına müsahibəsində medianın ictimai nəzarət rolunu vurğulaması mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, dövlət başçısı bildirib ki, mediada yer alan məlumatların mütləq əksəriyyəti öz təsdiqini tapır və bu haqda dərhal ölçü götürülür: "Prezidentin jurnalistlərin əməyinə verdiyi yüksək qiymət böyük etimadın göstəricisi olmaqla yanaşı, media işçilərinin də öz peşəkar missiyalarını həyata keçirməkdə məsuliyyətlərini artırmış olur”.

Medianın İnkişafı Agentliyinin məhz ictimai və dövlət maraqlarını əsas götürərək media subyektləri arasında müsabiqələr keçirdiyini vurğulayan Əhməd İsmayılov bu müsabiqələr çərçivəsində hər il məhz ictimai əhəmiyyət kəsb edən yüzlərlə materialın hazırlandığını diqqətə çatdırıb. İcraçı direktor bu yaxınlarda geniş ictimai müzakirələrdən sonra parlament tərəfindən qəbul olunmuş və imzalanmaq üçün təqdim edilmiş “Media haqqında” qanun layihəsinin ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasına, onun rəqabət qabiliyyətinin artırmasına, xüsusən də media subyektlərinin iqtisadi müstəqilliklərinin gücləndirməsinə ciddi töhfə olacağını qeyd edərək adıçəkilən layihənin müddəalarının jurnalistlərin ictimai nəzarətçi kimi vacib funksiyanı lazımı səviyyədə yerinə yetirməsinə hüquqi təminat verdiyini bildirib.

Görüşdə çıxış edən media subyektlərinin rəhbər və nümayəndələri Prezidentin ictimai nəzarət mexanizmlərinin hazırlanması ilə bağlı çağırışlarının media qarşısında yeni vəzifələr qoyduğu vurğulayıblar.


SON XƏBƏRLƏR

28 Mart 2024