• Bakı 17° C

    3.59 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Maaşdan qabaq inflyasiya artdı: “Dövlət kritik qərarlar verməlidir” 

Gündəm

18 Yanvar 2022 | 10:38

Maaşdan qabaq inflyasiya artdı: “Dövlət kritik qərarlar verməlidir” 

Xəbər verdiyimiz kimi, Azərbaycanda ötən ay ərzində bahalaşan və ucuzlaşan məhsulların adları açıqlanıb.

Dövlət Statistika Komitəsinın məlumatına görə, ötən ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, çörəyin, unun, makaron məmulatlarının, düyünün, toyuq, mal və qoyun ətinin, təzə və dondurulmuş balığın, qatılaşdırılmış şəkərli və pasterizə olunmamış üzlü südün, pendirin, kəsmiyin, yoqurtun, xamanın, yumurtanın, kərə və günəbaxan yağlarının, süfrə marqarininin, narın, heyvanın, bananın, almanın, armudun, qozun, fındığın, xiyarın, pomidorun, balqabağın, kartofun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çayın, qəhvə və kakao tozunun, limonadın qiymətlərində müşahidə edilib.

Ötən ilin dekabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma minik avtomobilləri üçün ehtiyat hissələrinin, mebellərin, məişət cihazlarının, noutbukların, geyim və ayaqqabıların, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların və mobil telefonların qiymətlərində müşahidə olunub.

Cari ilin yanvar ayında isə çörəyin və ətin qiymətinin bahalaşması rəsmən elan edildi.

İqtisadçı-ekspert Elmir Səfərli Bakıvaxtı.az-a bildirib ki, 2022-ci ildə real inflyasiyanı tənzimləmək üçün dövlət kritik qərarlar verməlidir.

“Yanvarın 1-dən etibarən ölkə rəhbərliyinin müvafiq sərəncamına əsasən vəzifə maaşlarında ortalama olaraq 20-40% artım həyata keçirildi. Bu rəqəm əslində ölkə səviyyəsində reallaşan inflyasiya həddinə təxminən bərabərdir. Rəsmi statistik rəqəmlərə baxsaq, keçən il ilə müqayisədə ortalama olaraq ərzaq qiymətlərində 7-15% bahalaşma mövcuddur. Lakin real bazar qiymətləri onu göstərir ki, bir çox məhsullarda və eləcə də, xidmətlərdə real bahalaşma faizi 20-35 % arasındadır. Nəzərə alsaq ki, əhalinin böyük əksəriyyəti qazancın təxminən 45-50%-ni aylıq ərzaq xərclərinə ödəyir, bu halda artan maaşlar real inflyasiya ilə “başa-baş” olacaqdır”, - deyə  E.Səfərli bildirib.

Ekspert hesab edir ki, 2022-ci ildə real inflyasiyanı tənzimləmək üçün dövlət daha kritik qərarlar verməli və bu çərçivədə strateji addımlar atılmalıdır: “Belə ki, məhsulların, xüsusən də daha çox istifadə edilən ərzaq məhsullarının idxalı və istehsalı üçün nəzərdə tutulan vergi və gömrük rüsumlarında dəyişikliklər etməlidir. İkincisi, Tarif Şurası tərəfindən təsdiqlənən qiymətlərin, xüsusən də, yanacaq, enerji, su və qazın qiymətlərində sabitlik və tənzimləmələr həyata keçirilməlidir. Çünki sahibkarlara və inflyasiyaya təsir edən məqamlardan biri də məhz bu qiymətlərin artımıdır. Üçüncüsü, daha çox tələb olunan ərzaqların yerli istehsalına təşviq artırılmalı, və yerli istehsalın özəl müəssisələr tərəfindən həyata keçirilməsi üçün xüsusi proqramlar hazırlanmalıdır”.

Ramid İbrahimov 


SON XƏBƏRLƏR