• Bakı C

    4.51 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Natiq Cəfərli: “Bizdə turizmi "lülə kabab turizmi" adlandırmaq olar” - MÜSAHİBƏ

MÜSAHİBƏ

05 Yanvar 2022 | 13:26

Natiq Cəfərli: “Bizdə turizmi lülə kabab turizmi adlandırmaq olar” - MÜSAHİBƏ

İqtisadçı-ekspert, REAL Partiyasının icra katibi Natiq Cəfərli Bakıvaxtı.az-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

Araşdırmalar göstərir ki, pandemiya əsasən, xidmət sahəsinə zərbə vurub

- Pandemiyanın iqtisadiyyata vurduğu zərəri necə kompensasiya etmək olar?

- Birinci növbədə, pandemiyanın vurduğu zərbə hesablanmalıdır. 2020-ci il lap ağır oldu. Hətta rəsmi rəqəmlərə görə, ümumdaxili məhsulun 4%-ə qədərinin azaldığının şahidi olduq. Ötən ilin may ayına qədər tənəzzül davam etdi. Demək olar, ümumdaxili məhsulda artım yox idi. Amma müəyyən məhdudiyyətlərin aradan qaldırılması, xarici ticarətin canlanması, əsasən də, neft qiymətlərinin qalxması canlanmanı artırdı. Müəyyən sabitləşmə var. Amma bu, təbii sabitləşmə deyil, əsasən, neft qiymətləri ilə bağlı olan məsələdir.

Pandemiyanın iqtisadiyyatımıza vurduğu zərbəni aradan qaldırmaq üçün əvvəl hansı sahələrdə iş yerlərinin azaldığı müəyyən olunmalıdır. Apardığımız bəzi araşdırmalar göstərir ki, pandemiya əsasən, xidmət sahəsinə zərbə vurub. Restoranların uzun zaman bağlı qalması, indi də müəyyən məhdudiyyətlərlə fəaliyyət göstərməsi işçi sayının kifayət qədər azalmasına səbəb oldu. Yəni, bu sahədə canlanmaya nail olmaq üçün hökumətin yeni təşviq proqramlarına ehtiyac var.

Ümumiləşdirsək, biznesi dirçəltmək üçün dövlətin vergi, gömrük güzəştlərinə, uzunmüddətli və aşağı faizli kreditlərə, doğru-düzgün düşünülmüş təşviq proqramlarına ehtiyac var.

Bizdə “home hotel”lər yoxdur, hostellər çox zəif inkişaf edib

- Turistlər, daha çox bu sahədəki bahalaşmadan şikayətlənir...

 - Bizdə 2010-cu ildən başlayaraq elitar turizmə - yəni, beşulduzlu və daha bahalı otellərin tikilməsinə üstünlük verildi. 2000-ci illərin əvvəllərində dünyada turizm ucuz və effektiv turizmə doğru əyilməyə başladı. Əsasən, gənclərin və təqaüdçülərin çox turizm səfərləri etdiyini nəzərə alsaq, onlar bir gecəyə çox pul vermək istəmirlər. Bizdə “home hotel”lər yoxdur, hostellər çox zəif inkişaf edib. Misal üçün, Tiflisdə 717 hostel fəaliyyət göstərir. Bizdə isə barmaqla sayılacaq qədərdir. Həmçinin ucuz otellərin də sayı azdır. Ona görə də, bahalaşma var. Pandemiyanın vurduğu zərərə görə də, turizm sahəsində çalışanlar itirdiklərini daha tez geri qaytarmaq üçün qiymət artımına getdilər. Xaricə gediş-gəlişin hələ də problemli olduğunu nəzərə alaraq vətəndaşlar bir çox hallarda daxili turizmə yönəldilər. O da rəqabət olmadığına, xidmət müəssisələrinin sayının az olduğuna görə qiymətin artımına səbəb oldu.

- Qeyd etdiniz ki, ucuz otellər yoxdur. Sizcə, bunu səbəbi nədir?

- Axı, turizm daxilə hesablanmır. Əgər biz xarici turizm üçün hesablayırıqsa, onların gözləntilərinin nədən ibarət olduğunu ölçməli, ona uyğun olaraq turizm potensialının genişləndirilməsinə çalışmalı idik. Mən bir yazımda da qeyd etmişdim, bizdə turizmi lülə kabab turizmi adlandırmaq olar. Düşünürlər ki, insanlar bura lülə kabab yeməyə gəlir, bizim mətbəximiz var. Amma elə deyil. İnsanları bir çox turist qruplarına ayırmaq olar. Biz Gürcüstan və Türkiyə örnəyində bunu gördük. Amerikadan, Yaponiyadan və s ölkələrdən səfər edən insanlar var ki, onlar tarixə meyillidir. Azərbaycanda isə tarixi marşrutlar yox dərəcəsindədir. Yəni, bu təqdimat çox aşağıdır. Hansısa bir turist Bakıya gəlibsə, maksimum bir gün İçərişəhəri gəzdirirlər, bir gün Atəşgaha, bir gün də Qobustana aparırlar. Regionlarda tarixi abidələrimiz var, amma, çox baxımsızdır. Yəni, tarixi marşrut və təqdimat yox dərəcəsindədir. Məsələn, mən Güscüstanda maşınla çox gəzmişəm. Hər kənddə belə hansısa abidənin qalıqları haqqında məlumat görürsən. İstər-istəməz maşını o tərəfə sürüb görmək, şəklini çəkmək istəyirsən. Bizdə o yoxdur.

İkinci məsələ dəniz turizmidir. Burda da əsas rəqibimiz Türkiyədir. Türkiyədə olan infrastruktur, qiymət, servis gedənlərin çox xoşuna gəlir. Türkiyə ilə bazarımız da eynidir. Türkiyə də daha çox postsovet məkanından turist çəkmək istəyir. Biz də bunun üçün çalışdıq, amma alınmadı. Bizdə dəniz turizmi də normal inkişaf etməyib. Düzdür, bu, Xəzərin çirkliliyi, qumlu sahilin çox az olması, infrastrukturun zəifliyi ilə bağlıdır. Amma, hər halda, biz o dəniz turizmində əsas rəqibimiz Türkiyəyə uduzuruq.

Üçüncü kateqoriyaya aid olanlar təbiət turistləridir. Burda da problemlər var. Təbiət turizminin əsas məsələsi təbiət qoruqlarına mədəni insanların səyahət etmə imkanlarının yaradılmasıdır ki, bizdə bu da problemdir. Qoruqlarda marşrutlar, insanları aparıb-gətirmək üçün qruplar zəifdir. Qoruğa nəzarət edənlər belə bu işdə maraqlı deyillər. Ona görə də, təbiət turizmi bizdə axsayır.

- Son aylar daha çox qiymət artımı baş verir...

- Burda obyektiv və obyektiv olmayan səbəblər var. Obyektiv səbəb odur ki, dünyada ərzaq indeksi bahalaşır. Son məlumatlara görə, son ilyarımda dünyada ərzaq indeksi 22% artıb. Azərbaycan da idxalçı ölkə olduğu üçün daxili istehsalımız belə idxaldan asılıdır. Məsələn, piştaxtalarda ən çox gördüyümüz yerli brend adı altında olan məhsullar çay məhsullarıdır. Onların 92-93%-i xaricdən gətirilib burada qablaşdırılır. Yəni, bu, bizim yerli istehsalımız deyil.

Süd məhsulları da bura aiddir. Süd məhsulları buraxan yerli brendlər kifayət qədər çoxdur. Amma onların xammalı, quru süd Ukranya, Hollandiya, Rusiya, İrandan gətirilir. Bu səbəbdən xarici bazarların qiymət dəyişimi dərhal bizə də təsir göstərir. Bu, yeganə obyektiv səbəbdir.

Subyektiv səbəblər həddindən artıq çoxdur.

Ölkədə ildə adambaşına 128,4 kq çörək yeyirik

-2022-ci ilin ilk günlərindən unun qiyməti qalxdı. Bu haqda nə deyə bilərsiniz?

- Ölkədə son illər, təqribən, ilə 1 mln. 850 min ton taxıl istehsal olunur, amma bu həcm ərzaq buğdası deyil, keyfiyyətsizdir, əsasən, mal-qara üçün yem kimi istifadə olunur. Özümüz istehsal etdiyimiz taxılın, ən yaxşı halda, 25-30%-ni ərzaq buğdası kimi istifadə edə bilirik, qalanını xaricdən, əsasən də, Rusiyadan alırıq. İnsan övladı Mesopotamiyadan üzü bəri 10 min ildir buğdanı əhliləşdirib ərzaq halına salıb, bəs bizimkilər 21-ci əsrdə niyə ərzaqlıq buğda istehsal edə bilmirlər? Çünki elm yox, seleksiya yox, suvarma üçün su qıt, toxumçuluq və kübrə siyasəti zaydır, dotasiya mexanizmləri işlək deyil. İnsanlarımız kasıb olduğundan (lazım olan kalorini ucuz olan çörəkdən alırıq), həm də ənənələrimizdə çörəyin önəmli yer tutduğundan böyük həcmdə çörək istehlak edirik. Dünyada adambaşına ən az çörək istehlakı Skandinaviya ölkələrindədir - ildə 32-45 kq. Rusiyada bu göstərici 97 kq, Bolqarıstanda 96 kq, Fransa və Almaniyada 54 kq, İtaliyada 52 kq təşkil edir. Türkiyədə əhali adambaşına ildə 124 kq çörək yeyir. Azərbaycanda 2020-ci ildə 1 milyon 294 min 604 ton təzə çörək istehsal olunub. Bunun 1 milyon 280 min 556 tonu ərzaq məhsulu kimi istehlak olunub. Bu, adambaşına 128,4 kiloqram çörək istehlakı deməkdir. Çörəyin süfrəmizdə, mədəniyyətimizdə yerinin önəmini nəzərə alaraq, istər-istəməz qiymət artımının vətəndaşa ciddi təsir edəcəyini görəcəyik. Amma problem tək dünyada qiymət artımı deyil, əsas problem özümüzü ərzaq buğdası ilə təmin edə bilməməyimizdədir.

Tələbə krediti ideyası gözəl olsa da...

-Son günlər ən çox müzakirə olunan mövzulardan biri də tələbə kreditləridir. Hökumətin bu istiqamətdə atdığı addımları necə qiymətləndirirsiniz?

- İdeyanın özü gözəldir. Amma bu da çiydir, yəni bişməmiş ideyadır. Tutalım, mən tələbəyəm, kredit götürdüm, sağ olsun dövlətim, universitetin illiyini ödədim. Dörd ildən sonra iş tapa bilməsəm, mənim kreditimin aqibəti necə olacaq?! Biz Avropa və dünya modelində görürük ki, tələbə kreditlərinin bir məntiqi var. Bu da ondan ibarətdir ki, böyük şirkətlər, beyin ovçuları olur. Həmin şirkətlər tələbələr arasında 1-ci kursdan axtarışa, yəni ova çıxırlar. Məsələn, sizin gözəl potensialınızın olduğunu və yaxşı qiymətlərlə oxuduğunuzu görüb sizi ovlayırlar. Və həmin tələbənin kreditini şirkət öz üzərinə götürür. Hətta sizə təqaüd də verilir. Yeganə şərti o olur ki, dörd, ya beş ildən sonra universiteti bitirdikdən sonra ən az beş il həmin şirkətdə çalışmalısınız. Tələbə 17 yaşından artıq iş yerini belə zəmanət altına alır. Bizdə elə deyil axı! İdeyanın özü çox gözəldir, bəyənirəm, bunun yerinə yetirilməsində problem olsa kim həll edəcək?! Məsələn, 10 min tələbəyə kredit verdik 4 ildən sonra universiteti bitirdi. Bu 10 min nəfərin neçə mini iş tapa biləcək?! Tutalım həmin tələbələrin 10-15%-i iş tapdı, bəs 80-85%-i o krediti necə qaytaracaq?!

Əslində bunun həlli üçün illərdir dediyimiz bir təklif var. Azərbaycan dilində ali təhsil pulsuz olmalıdır. Pullu təhsil ancaq xarici dildə olmalıdır. Bizdə də təhsilin problemi tək təhsil ilə məhdudlaşmır. Bizim təhsilin istehsaldan, biznesdən qopuqluğu var. Obrazlı desək, bizdə bilik satılan məhsul deyil. Biliyimizi satmağa bazar yoxdur. Çünki mən universiteti əla qiymətlərlə bitirib bilikli olsam da, daydaysız iş tapa bilməyəcəm. O biliyi sata biləcəyim, o biliyə qiymət verəcək bazar olmalıdır. Ona görə bizdə təhsil problemi tək o kreditlərlə məhdudlaşmır. Dediyim kimi, Azərbaycan dilində təhsil pulsuz, amma, keyfiyyətli olmalıdır. Bu yaxınlarda oxuduğum məlumata görə, son 20-25 ildə ölkədə 16-18 min hüquqşünas diplomu alan insan var. Amma hanı?!

Bizdə sənəti olan insanlarla bağlı da problem var. Biliyin satılması problemi olduğuna görə təhsil krediti ideya olaraq yaxşı olsa da, elə bir sistem qurmaq lazımdır ki, o kreditləri iri şirkətlər ödəsin. Onlar ova çıxıb ağıllı tələbə ovlasınlar və onu işlədib pulunu versinlər.

Aytac Aslan


SON XƏBƏRLƏR

28 Mart 2024