• Bakı 16° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

"Ofisdə ermənilərlə mübahisəmiz olmurdu, amma..." - "Amazon"un azərbaycanlı əməkdaşı ilə MÜSAHİBƏ

MÜSAHİBƏ

11 Avqust 2021 | 16:17

Ofisdə ermənilərlə mübahisəmiz olmurdu, amma... - Amazonun azərbaycanlı əməkdaşı ilə MÜSAHİBƏ

Bakıvaxtı.az yeni rubrikaya; “Hardan, haraya” layihəsinə start verir.

Rubrikamızın ilk qonağı dünyanın aparıcı şirkətlərindən biri olan “Amazon”un azərbaycanlı əməkdaşı Yaşar Əhmədlidir.

Qeyd edək ki, Yaşar Əhmədli 1990-cı ildə Sabirabad rayonunun Yenikənd kəndində anadan olub. 2007-ci ildə Orta Doğu Texniki Universitetində Sənaye mühəndisliyi üzrə bakalavr təhsili almaq üçün Ankaraya gedib. Təhsilimi başa vurduqdan sonra Azərbaycana qayıdaraq sərhəd qoşunlarında bir il hərbi xidmət keçib. 2013-cü ildə Finlandiyada Sənayenin idarəolunması üzrə magistratura dərəcəsi alıb...

  • Bu gün Yaşar Əhmədli üçün “Hardan haraya” ifadəsini işlədə bilərikmi?
  • Hardan, haraya? Maraqlıdır (Gülümsəyir). Bəli, mən Azərbaycanın ucqar bir rayonun ucqar kəndində; Sabirabadın Yenikənd kəndində anadan olmuşam. Dünyaya gəlməyim Birinci Qarabağ müharibəsi illərinə təsadüf edir. Olduqca çətin bir dövr olub. Ordan çıxıb yüksək reytinqli universitetdə oxumaq və dünya səviyyəli bir şirkətdə işləməyi nəzərə aldıqda, bəli, “hardan, haraya” demək olar. Amma təbii ki, burda əsas fokus çəkilən zəhmətə olmalıdır. Heç nə birdən-birə baş vermir.
  • Ali təhsilinizi xaricdə almısınız. Xaricdə oxumaq orda işləmək şansını artırırmı?
  • Əsasən, bəli. Amma yenə də namizədin özündən çox şey asılıdır. Çox adam xaricdə təhsil alır, amma iş tapa bilmir. Xaricdə oxumaq işin bir hissəsi, demək olar ki, 50%-idir. İnsan öz-özünü inkişaf etdirməli, praktiki bacarıqlar qazanmalı və CV-sini gücləndirməlidir. Düzdür, bəzi ölkələrdə, məsələn, Almaniyada oxumusunuzsa sizə bir illik iş vizası açılır və bu vaxt ərzində iş axtara bilirsiniz.
  • Amma yenə də Azərbaycanda ali təhsil almış şəxslə xaricdə təhsil alan arasında iş tapmaq baxımından fərq olur…
  • Bəzən xaricdə təhsil dedikdə, çox adam düşünür ki, hər yerdə hər şey əladır. Belə bir şey yoxdur. Elə ölkələrdə elə universitetlər var ki, reytinqi həddindən artıq aşağıdır. Yəni insanlar bilməlidir ki, xaricdə təhsil dedikdə, bütün universitetlərin yaxşı olması qaranti deyil. Amma təbii ki, xaricdə oxumaq orda iş tapmaq imkanlarını artırır.
  • Orta məktəbdə oxuyarkən Yaşar Əhmədlinin bugünki səviyyəyə çatması bir xəyal idi, ya məqsəd idi ki, o məqsədə çatıldı?
  • Hər şey xəyal ilə başlayır. Amma xəyal kifayət etmir. Müəyyən müddət sonra artıq insan əməli işlərə başlayır. Məsələn, ora hansı sənədlər lazımdır maraqlanırsan, imtahanlara hazırlaşırsan, o balları yığırsan, ortalama qiymətini düzəldirsən və s. İlk əvvəl arzu, xəyal kimi başlayır, amma orta təhsilin son 2-3 ilində intensiv hazırlıqlar lazım olur. Bir yerdən başlamaq lazımdır. Çünki həyat heç yerdə statik deyil. Yüksəyə çıxmaq nisbətən asandır, amma orda qalmaq və daha da yüksəyi hədəfləmək çətindir.
  • “Amazon”da işə dəvət almağınız necə oldu?
  • Mən o vaxtlar Dubayda işləyirdim. “Linkedin” proqramında “Amazon”un şirkətə heyət götürən mütəxəssisi tərəfindən profilimə təklif gəldi ki, istəsən, səni də nəzərə ala bilərik. Mən də düşündüm ki, niyə də yox?! Onların kifayət qədər dinamik işəgötürmə prossesi var. Qısa müddət ərzində müsahibəyə çağırdılar. 2-3 mərhələli müsahibədən keçdikdən sonra, analtik test göndərdilər. İyulda bu prossesə başladıq və noyabrda mən Luksenburqda işə başladım.
  • “Amazon”un bir sıra ölkələrdə rəsmi nümayəndəliyi var. Azərbaycanda da olması gözlənilirmi?
  • Avropada “Amazon”a qarşı güclü bir rəqib yoxdur. Lakin Ərəb ölkələrində, Çində, Yaponiyada “Amazon”un fəaliyyəti çətindir. Çünki məsələn Çində özlərinin yerli şirkəti olan “Alibaba” “Amazon”a qarşı rəqib kimi fəaliyyət göstərir. Bizə ən yaxın Türkiyədə var. Lakin Türkiyənin də yerli onlayn satış şirkətləri var. Demək olar ki, “Amazon” bütün dünyada var, amma təəssüf ki, Azərbaycanda yoxdur. Məncə, heç olması da inandırıcı deyil. Azərbaycanın əhali sayı və alıcılıq qabiliyyəti milyardlarla, triliyonlarla oynayan nəhəng bir şirkət üçün çox da cəlbedici deyil. Həm bura kiçik bazardır, həm də alıcılıq qabiliyyəti o səviyyədə deyil. Üstəgəl, bürokratik əngəllər də nəzərə alınır. Azərbaycan region olaraq da “Amazon” üçün perspektiv vəd etmyən yerdir. Bizdən cənubda yerləşən İran nəhəng ölkədir və 70-80 milyon əhalisi var, lakin embarqoya görə, ora nə isə satmaq mümkün deyil. Hətta İran üzərindən mal gətirmək belə qadağandır. Ermənilərlə də vəziyyət məlumdur. “Amazon”a ancaq böyük biznes lazımdır.
  • Ermənilərdən söz düşmüşkən, 44 günlük müharibə dönəmində “Amazon”un erməni əməkdaşları ilə vəziyyət necə idi?
  • Şirkət bu məsələdə tərəfsiz idi. Erməni əməkdaşlarla isə sadəcə söz mübahisəsi yaşanırdı, başqa formada heç bir aqressiya olmadı. Məncə Avropanın ortasında əlbəyaxa döyüşməyin də heç mənası yox idi. Bunu onlar da başa düşürdü, biz də. Ofis daxilində yox, amma xaricində onlar da, biz də mitinq təşkil etmişdik.  Həmçinin mənim Luksenburqun dövlət televiziyasında müsahibəm yayınlandı. Yəni hər şey sivil qaydada oldu.
  • Bəzən gənclər düşünür ki, yüksəlmək üçün təhsil o qədər də şərt deyil. Hətta buna Mark Zuckerberq və Bil Geytsi misal gətirirlər. Bu barədə  sizin düşüncəniz necədir?
  • Məncə çox səthi yanaşmadır. Mark Zuckerberq və ya Bil Geyts təhsilsiz deyil. Bu adamlar Harward-a, MIT-ə qəbul olunublar. Sadəcə 1-2 il sonra fikirləşiblər ki, burda vaxt çürüdəcəyimə, gedim biznesimə başlayım və milyonlar qazanım. Bu insanlar Harward-a girə biləcək səviyyədə olublar. Yoxsa hansısa kollec və ya peşə məktəbini bitirməyiblər. Tam Ali təhsili olmayan insanlar uğur qazana bilir, bəli. Həmçinin qeyd edim ki, uğur yalnız pul demək deyil.Təbii ki, insanın öz dərrakəsi, dünyagörüşü, hadisələri başadüşmə bacarığı əhəmiyyətlidir. Bunda da təhsilin rolu böyükdür, deyə düşünürəm. Təhsil qazanmaq uğur qazanmaq şansını 5-10 dəfə artırır. Təhsil deyəndə də, bu adamlar formal təhsildən imtina ediblər. Onların bütün həyatı öyrənməklə keçir. Təhsil yalnız universitetdə oturub dərs dinləmək deyil. Bu adamlar müştəri ilə danışa-danışa, bəzən hətta səhv edə-edə bu biliyi qazanıblar. Həm də universitet oxumağın tək məqsədi təhsil qazanmaq deyil. Mənim son oxuduğum MIT universitetində 20-30 nəfər Nobel laureatı müəllimlər var idi. Bu insanlarla oturub-durmaq, onların fikirlərini öyrənmək, eləcə də fərqli ölkələrdən gələn qrup yoldaşlarınla fikir mübadiləsi etmək, hətta bəzən bəziləri ilə universiteti bitirdikdən sonra biznes qurmaq böyük qazancdır.
  • Bəzən xarici ölkələrdə müsəlmanlara qarşı radikal yanaşmalar olur. İstər təhsil alarkən, istərsə də işləyərkən belə bir şey başınıza gəlibmi?
  • Belə hallar olmasına, var. Amma həm də bizim kimi ölkələrdə bu məsələni bir az da şişirdirlər, deyə də düşünürəm. Biraz bu mövzuda vay-şüvənlik salınır, məncə. Amma bəli, belə hallar olmasına olur. Bu, bəzən açıq, bəzən isə üstüötülü baş verir. Lakin sivil ölkələrdə insanın özünə baxırlar. Məsələn, mən Azərbaycanın ucqar kəndindən gəlmişəm, biri Perunun dağlarından, digəri Çinin hansısa qəsəbəsindən… Əsas insani keyfiyyətlərə baxırlar. Bu kimi miqrant mövzular inkişaf etmiş ölkələrdə çoxdan davam edir. İnkişaf etmiş ölkələrdə artıq əhali yaşlanır, gənc nəsil isə gəlmir. Bu sosial sistem 30-40 il əvvəl qurulub. O vaxt gözlənilirdi ki, təqaüdə çıxan adam altımış yaşında çıxar, uzağı on il yaşayıb yetmişində ölər. Beləliklə dövlət təqaüdü buna görə hesablamışdı. Lakin səhiyyə o qədər inkişaf edib ki, yaşlı əhali Luksenburqda yetmiş nədir, səksən, doxsan, hətta yüzü haqlıyır.  Dövlət də bu yaşlılara təqaüdü ödəmək məcburiyyətindədir. Bu pulu isə kim ödəyir? Gənc nəsil. Məsələn, mən Luksenburqda işləyirəm və dövlətə hər il 2 min - 3 min avro vergi ödəyirəm. Mənim kimi orda yüz min adam var. Hamısını toplayanda yüz milyonlar edir. Beləliklə, dövlət bununla öz çarxını döndərir. Lakin gənc işləyən əhalinin sayı azalır. Bunun da tək həlli odur ki, dövlət ya əhalini dünyaya çox uşaq gətirməyə təşviq edir, ya da miqrantları ölkəsinə cəlb edir. Bu boşluğu doldurmaq adətən miqrantların üzərinə düşür”.
  • Pandemiya onlayn satış şirkətlərinə müsbət təsir göstərdi. Pandemiyadan tək qazanclı çıxan şirkətlər onlayn şəkildə fəaliyyət göstərənlər oldu desək, yanılmarıq. Azərbaycanda onlayn satış mərkəzi yaradılsa yüksək nəticə verərmi?
  • Əslində Azərbaycanda da kifayət qədər onlayn fəaliyyət göstərən saytlar, Türkiyədən sifarişlə mal gətirib burda satanlar var. Mən düşünürəm ki, Azərbaycanda gömrüklə bağlı problemlər var. Yəni bürokratik əngəllər Azərbaycanda onlayn satış şirkəti yaradılması işini çətinləşdirir. Amma olsa, niyə də inkişaf etməsin? Luksenburqun 600 min; bir Sumqayıt qədər əhalisi var, amma “Amazon” kimi nəhəng şirkətə orda fəaliyyət göstərmək yarayır.
  • Azərbaycanda yaşamasanız da sosial şəbəkələrdən bilirik ki, ölkə mətbuatını izləyirsiniz. Hansı dövlət qurumlarının fəaliyyətini "yaxşı" və ya "zəif" olaraq qiymətləndirirsiniz?
  • Açığı, bu barədə fikir bildirmək çətindir. Sosial media və mətbuatda oxuduqlarımızla “yaxşı” kimi qiymətləndirə bilərik, amma bəlkə onların sadəcə Sosial Media Menecerləri güclüdür. Azərbaycanda bir sıra təhsillə bağlı qurumlarda irəliləyişlər var. Biz Azərbaycan Texniki Universitetində yeni bir şöbə yaradırıq. Orda dünya səviyyəsində təhsil verməyə çalışacağıq. Ölkədə bu kimi müsbət addımlar var. Amma bunların sayı daha çox olamlıdır. Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Asan Xidmət və s. dövlət qurumları pandemiyanın vurduğu zərərləri aradan qaldırmaq üçün səfərbər olmalıdır. Başqa ölkələr ciddi şəkildə təhsilə investisiya ayırır. Bu mənada biz geri qalırıq, amma qalmamalıyıq.
  • Azərbaycanın hansısa dövlət qurumundan iş təklifi almısınız?
  • Açıq şəkildə olmasa da, dolayı yolla olub, bəli. Sadəcə olaraq mənim o təklifləri qəbul etməyim üçün uyğun iş mühiti; ədalətli mühit, yüksəlmək üçün əlavə şanslar olmalıdır. Yəni faktorlar çoxdur. Birbaşa olmasa da, dolayı yolla iş təklifləri olub. Əsasən təhsil sahəsində dəvətlər almışam. Daha əvvəl “ADA” Universitetindən təklif gəlmişdi. Onların təklifi o idi ki,ordakı işini at, bura gəl və tam gün işlə.
  • Bir az da şəxsi həyatınıza keçək. Adətən öz üzərində çalışan, inkişaf edən insanlar özəl həyatlarına zaman ayıra bilmirlər. Bu, sizdə də belədir?
  • Mən həyat yoldaşımla Azərbaycanda işlədiyim layihələrdən birində tanış oldum və ailə həyatı qurduq. Belə düzdür, zaman ayırmaq çətin olur. Amma heç olmasa bir və ya iki gün mütləq ailənin qayğıları ilə məşğul olmaq lazımdır. Çalışıram ki, orda olanda uşaqları hansısa zooparka və ya gəzintiyə aparım. Düşünürəm ki, insanın ailəsinə verdiyi ən gözəl şey vaxtdır.
  • Gənclərin stimullaşması üçün motivasiyaverici tövsiyyə verin, desəm…
  • Hər kəs öz yolunu özü yazır. Bunun konkret resepti yoxdur. Dünya həddindən artıq dinamikdir. Mən çalışmışam çox gəzim. “Gəzən ayağa daş dəyməz” deyiblər.Ən vacib tövsiyyəm budur ki, gənclər qarşılarına konkret hədəf qoysunlar, bu hədəfə çatmaq üçün çalışsınlar və bu barədə heç kimə heç nə danışmasınlar. Bu, sanki bir totemdir. Niyəsə hədəfini başqalarına dediyin zaman, ona çatmağın çətin olur. Hətta mən hədəflərimi  ailəmə belə demirəm. Mən yekun nəticəni ona çatdıqdan sonra açıqlayıram.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR

25 Aprel 2024