• Bakı 18° C

    7.15 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

“Osmanlı Hariciyesinin Güney Kafkasya raporları” təqdim olundu - FOTO

CƏMİYYƏT

28 Yanvar 2022 | 23:15

“Osmanlı Hariciyesinin Güney Kafkasya raporları” təqdim olundu - FOTO

Məlum olduğu kimi, türk-İslam dünyasının son böyük dövləti, imperatorluğu olan Osmanlı əsrlər boyunca Asiya, Avropa və Afrika qitələrində hakimiyyətini davam etdirib. Osmanlı fərqli dinləri, dilləri, mədəniyyətləri təmsil edən çoxsaylı xalqları da böyük bir xoşgörü ilə öz bayrağı altında idarə etmişdi. Osmanlı əsrlər boyu super güc olaraq bütün sahələrdə öz mövqeyini qorumuşdu. Buna görə də Osmanlı arxivləri geniş coğrafiyaların, geniş qitələrin, eyni zamanda yaddaşı durumundadı.

O cümlədən də Cənubi Qafqazla bağlı da Osmanlı arxivlərində kifayət qədər qiymətli materiallar var.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakı Yunus Emre İnstitutunda keçirilən və tarix elmləri doktoru, Türk İslam Araşdırmaları Mərkəzinin başqanı Telman Nüsrətoğlunun müəllifi olduğu “Osmanlı Xarici İşlər Nazirliyinin Cənubi Qafqazda fəaliyyəti” adlı kitabın təqdimatı zamanı bildirilib. Qeyd edilib ki, Cənubi Qafqaz Osmanlı arxivləri baxımından ən az araşdırılmış mövzulardan biridir: “Məhz buna görə də həmin sahə hazırda araşdırmaçıların, həmçinin elm adamları və tarixçilərin diqqətini çəkir. Xüsusilə də rus işğalından sonrakı dövrdə Osmanlı – çar Rusiyası münasibətləri kontekstində Qafqazda və müsəlman xalqları arasında nələr olması maraq doğurur. Yəni həmin vaxt Cənubi Qafqazda baş verənlərin Rusiya-Osmanlı münasibətlərinə təsirinin öyrənilməsi önəm kəsb edir.

Telman Nüsrətoğlu: "Bu kitabda Azərbaycanla bağlı ilk dəfə yayınlanan çoxlu sayda arxiv sənədləri var"

Müəllifin sözlərinə görə, 1852-ci ildən etibarən Osmanlı dövləti Cənubi Qafqazın böyük şəhərlərində şahbenderlik, yəni baş konsulluqlar açmağa başlayıb. Osmanlı Xarici İşlər Nazirliyinə bağlı olan bu qurumların hesabatlarının, bura ilə bağlı fəaliyyətlərinə dair məlumatların öyrənilməsi çox mühümdür: "Xüsusilə Azərbaycan prizmasından baxsaq, Azərbaycan müsəlmanları ilə Osmanlının XIX əsrin son XX əsrin əvvəllərində nə kimi münasibətlərinin olması ilə bağlı arxiv materilları xüsusi maraq doğurur. Hesab etdik ki, bu baxımdan da həmin dövrə aid şahbenderlik dosyalarının araşdırılması mühüm nəticələrə yol aça bilər. Bundan yola çıxaraq bu kitabı ərsəyə gətirdik”.

Kitab Ankarada çap olunub: “Uzun illər Osmanlı arxivlərində aparmış olduğumuz tədqiqatların nəticəsi olaraq “Osmanlı Xarici İşlər Nazirliyinin Cənubi Qafqazda fəaliyyəti” adlı kitabımız işıq üzü görüb" deyən Nüsrətoğlu bildirib ki, kitab hazırlanarkən 1852-1914-cü illəri əhatə edən çoxlu sayda və qiymətli arxiv materialları təftiş edilib. Yekun olaraq regionla bağlı ümumilikdə 300-ə yaxın önəmli arxiv sənədləri kitabda çap olunub.

Müəllif vurğulanıb ki, bu kitabda Azərbaycanla bağlı ilk dəfə yayınlanan çoxlu sayda arxiv sənədləri var. Bu sırada erməni məsələsi, erməni terrorunun tarixinə dair də qiymətli sənədlər var. Bundan başqa, kitabda Hacı Zeynalabdin Tağıyevin rəhbərlik etdiyi Müsəlman Xeyriyyə Cəmiyyətinin Anadoluya yardımları, Azərbaycandakı qəzetlər və jurnalların fəaliyyətləri, Əhməd Ağaoğlu kimi Osmanlı imperatorluğu üçün də müstəsna şəxsiyyətlər, “Difai” təşkilatı, həmçinin Bakıda baş verən hadisələrlə bağlı qiymətli arxiv sənədlərində də bəhs edilir.

"Bir sözlə, Osmanlı dövlətinin 1852-1914-cü illərdə Cənubi Qafqazda açmış olduğu konsulluqlar bu kitabda ilk dəfə geniş bir şəkildə tədqiq olunub. Onu da deyim ki, kitabın hazırlanması üçün Osmanlı arxivlərində çalışmamızda Yunus Emre İnstitutu bizə yaxından dəstək verib”, - deyə Telman Nüsrətoğlu bildirib.


SON XƏBƏRLƏR

04 May 2024