• Bakı 21° C

    4.32 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Qərb Aralıq dənizi məsələsində Türkiyəni yalnız qoyur

SİYASƏT

27 Noyabr 2021 | 14:06

Qərb Aralıq dənizi məsələsində Türkiyəni yalnız qoyur

Misir və İsrail hökumətləri arasında qaz tədarükünün artırılması və gələcəkdə qazın nəqli üçün mövcud boru kəmərlərinin mümkün istifadəsi ilə bağlı anlaşma memorandumu imzalanıb. Misir Neft Nazirliyinin məlumatına görə, memorandumu Misirin neft naziri Tariq əl-Molla və onun israilli həmkarı Karine Elharrar omzalayıb.

Bundan başqa Qahirədə Misir neft naziri və Yunanıstanın ətraf mühit və enerji naziri Kostas Skrekasla görüşüb. Nazirlər iki ölkə arasında təbii qazın ticarəti, qaz kəşfiyyatı və çıxarılması, eləcə də boru kəmərlərini əhatə edən “maye qaz sahəsində əməkdaşlıq” memorandumu imzalayıblar.

Bu razılaşma artıq üçüncü ildir davam edən Şərqi Aralıq dənizi gərginliyinin növbəti səhifəsidir. Belə görünür ki, Türkiyənin son zamanlar apardığı aktiv diplomatiyaya rəğmən İsrail və Misir Yunanıstanı seçirlər.

Söhbət Aralıq dənizinin şərq hissəsində tapılan zəngin neft və qaz ehtiyatlarının bölüşdürülməsindən gedir. Hazırda bu mövzu region ölkələri üçün ciddi gərginlik mövzusuna çevrilib. ABŞ Geoloji Araşdırmalar Mərkəzinin hesablamalarına görə, Aralıq dənizinin Suriya sahillərinə yaxın Levant adı verilən hissəsində 3,5 trilyon kubmetr qaz və 1,7 milyard barel neft ehtiyatı var. Yenə həmin mərkəzin hesablamalarına görə, Nil deltasında (Misir sahilləri) 1,8 milyard barel neft və 6,3 trilyon kubmetr təbii qaz ehtiyatı var.

Bundan başqa “Herodot” adı verilən Krit adası yaxınlığında 3,5 trilyon kubmetr qaz ehtiyatı olan iki yataq mövcuddur. Ümumilikdə isə Şərqi Aralıq dənizində 30 milyard barel neft ehtiyatının olduğu ehtimal edilir.

Ancaq bu böyük sərvətin necə bölünəcəyi sahil ölkələri arasında mübahisə mövzusuna çevrilib. Bilindiyi kimi, Aralıq dənizinin şərq sahili deyilən hissəsə 9 dövlət var. Bunlar: Liviya, Misir, İsrail (Fələstin), Livan, Suriya, Türkiyə, Yunanıstan və iki Kipr – Cənubi Kipr və Şimali Kipr - dövləti var. Və dəniz ərazilərinin bölünməyən, yaxud da bölünməsi mübahisələrə səbəb olan hissəsi Türkiyə və Yunanıstan, eləcə də Kipr adasının dəniz suları və təsir zonalarıdır.

Hazırda bu ölkələr arasında iki əsas münaqişə mövzusu və fikir ayrılığı var. Birincisi, neft və qaz yataqlarının bölüşdürülməsi və boru kəmərləri. Əsas mübahisə isə Yunanıstan və Türkiyə arasındadır. Və təbii ki, iki Kipr arasında hələ də sərhəd və ərazi suları mübahisələri var.

Cənubi Kipr hökuməti 2003-cü ildə Misir, 2007-ci ildə Livan, 2010-cu ildə isə İsraillə dəniz yurisdiksiyasını müəyyən edən müqavilə imzalayıb. Türkiyə isə Şimali Kiprin mövqeyini nəzərə almayan bu müqavilələri tanımayıb.

Türkiyə bu mövzuda son illərdə hərəkətə keçib. Ancaq Ankara ilə bir sıra sahil ölkələri arasında soyuq münasibətlərin olması yunanların əlinə işləyir. Türkiyənin İsrail, Suriya və Misirlə gərgin münasibətləri bu ölkələri Yunanıstanla yaxınlaşdırıb.

Türkiyə Yunanıstan və Misirin birgə qaz boru kəməri layihəsini pozmaq üçün 2019-cu il noyabrın 27-də Liviyanın Milli Saziş Hökuməti ilə dəniz sərhədlərinin müəyyən edilməsi və əməkdaşlıq sazişi ilə savab verib. Bu saziş müəyyən mənada Yunanıstan və Misir arasında Aralıq dənizində enerji əməkdaşlığını əngəlləyirdi. Lakin Liviyada siyasi vəziyyət dəyişib. Ölkə seçkilərə gedir. Əgər bu seçkilər uğurla nəticələnsə o zaman vahid Liviya hökumətinin Aralıq dənizi ilə bağlı müqaviləyə yenidən baxması riski var.

Ancaq son bir ildə Türkiyə və Misir arasında nisbətən yumşalma qeydə alınıb və dialoq bərpa olunub. Bu ilin yayında isə Qahirə Aralıq dənizinin şərq hissəsində mübahisəli ərazilərdən çəkilərək Türkiyəyə ərazi güzəşti etsə də, daha sonra Yunanıstanın tələbi ilə Misir hökuməti xəritədə müəyyən dəyişikliyə gedərək Afinanın istəklərini nəzərə alıb.

Lakin indi son olaraq Misirin Yunanıstan və İsraillə sazişlər imzalaması göstərir ki, 3 ölkə birgə qaz istehsalı və satışında razılaşmağa yaxındır. Doğrudur, hələlik imzalar yalnız sənəd üzərindədir, bunların reallaşması zaman alacaq.

Yeri gəlmişkən, noyabrın əvvəlində Yunanıstan, Yunan Kipri, ABŞ, Fransa, İngiltərə, İtaliya, İsrail və Misir Aralıq dənizində növbəti birgə hərbi-dəniz təlimləri keçirib. Ancaq maraqlıdır ki. bu il sayca 8-cisi keçirilən “Nemesis” dəniz təlimində əsas hədəf gəmi və neft platformalarının təhlükəsizliyini qorunması olub.

Söhbət iki Kipr dövləti arasında mübahisəli yataqların taleyindən gedir. Türkiyə XİN bundan əvvəl bəyan edib ki. Ankara Aralıq dənizində Kiprə Türk Respublikasının haqlarının tapdanmasına imkan verməyəcək. Dənizdəki Kipr və Türkiyəyə məxsus ərazi sularını qoruyacaq. Xatırladaq ki. 3 il əvvəl Aralıq dənizinin mübahisəli ərazilərində kəşfiyyat işləri aparan İtaliyanın ENİ şirkətinə məxsus qazma gəmisi Türkiyə hərbi donanması tərəfindən uzaqlaşdırılıb.

Türkiyənin ABŞ və Avropadan olan NATO müttəfiqlərinin Yunanıstanla birgə mübahisəli ərazilərdə hərbi təlimlər keçirməsi Ankaraya qarşı soyuq münasibətin nəticəsində. Daha açıq ifadə ilə Qərb Aralıq dənizi məsələsində mövqeyini müəyyən edir. Bu isə yaxın perspektivdə Türkiyəni alternativlərə sövq edir.

Analitik şöbə

Bakıvaxtı.az


SON XƏBƏRLƏR

26 Aprel 2024