• Bakı 19° C

    6.41 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

 “Reklam sahəsindəki hərc-mərclik bəzilərinə sərf edir” - Cahid Həsənovla MÜSAHİBƏ

MÜSAHİBƏ

17 Yanvar 2022 | 14:50

 “Reklam sahəsindəki hərc-mərclik bəzilərinə sərf edir” - Cahid Həsənovla MÜSAHİBƏ

Cahid Həsənov həm Azərbaycanda, həm də xarici ölkələrdə istedadlı memar kimi tanınır. Dünya Reklamçılar Assosiasiyasının üzvü, nüfuzlu festivalların mükafatçısı, Türkdilli Ölkələrin Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının professorudur. 

İstedadlı memar son illər mühüm layihələrə imza atıb. Sumqayıt şəhərində yenidən qurulan Şəhidlər Xiyabanı, Sumqayıt bulvarı, Gəncədəki park-bulvar kompleksi, Ağstafada Heydər Əliyev Mərkəzi, Muğam Mərkəzi məhz Cahid Həsənovun layihələri əsasında inşa edilib. Ölkə başçısının sərəncamı ilə Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

Cahid Həsənov bu günlərdə Azərbaycan Reklamçılar İttifaqı (ARİ) İctimai Birliyinin icraçı direktoru seçilib.

C.Həsənovla Bakıvaxtı.az-a müsahibəsində yeni vəzifəsi, qurumun görəcəyi işlərlə bağlı başlasaq da ölkədə reklam bazarına, bu sahədə problemlərə də toxunduq. 

- Yeni vəzifəsiniz də mübarək olsun. Təbriklər öz yerində, planlarınızı, görmək istədiyiniz işləri bilmək olarmı?

- Təşəkkür edirəm, təbii ki, hər yeni vəzifə yeni məsuliyyət, yeni yanaşma, yeni layihələr deməkdir. Azərbaycan Reklamçılar İttifaqı İctimai Birliyi ölkədə ən stajlı qeyri-hökümət təşkilatlarından biridir. Qurumun əsası 1995-ci ildə Hacıəmi Atakişiyev tərəfindən qoyulub və İdarə Heyətinin ilk sədri də məhz Hacıəmi müəllim olub. Mərhum sədrimizin təcrübəsi, şəxsi əlaqələri sayəsində ARİ Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına mühüm töhfələr verib. Biz də bu ənənədən yararlanıb mühüm işlər görməyi planlaşdırırıq, təbii ki, qurumun idarəçiliyini, gündəlik fəaliyyətini müasir tələblərə, yeni yanaşmalara və çağrışlara uyğun quracağıq. Onu da qeyd edim ki, qurumun yeni sədri Etibar Əbdülqasımov reklam sahəsində təcrübəli, bacarlqlı insandır, uzun illərdir bu sahədə çalışır, müxtəlif  beynəlxalq konfranslarda Azərbaycanı layiqincə təmsil edib. Etibar müəllim yeni heyətdə həm yaşlı, təcrübəli mütəxəssislərə, həm də gənc marketoloqlara yer verib. Təbii ki, əsas məqsədimiz ölkə  iqtisadiyyatının inkişaf dinamikasından bəhrələnərək reklam bazarının da güclənməsinə nail olmaqdır. Bu gün  reklam bazarında özünə nəzarət mexanizmində müəyyən boşluqlar var və bu problemi aradan qaldırmaq üçün beynəlxalq təcrübədən yararlanmaq fikrindəyik.

- Boşluqlar deyərkən konkret nələri nəzərdə tutursunuz?

- Məlum olduğu kimi, bu gün sosial şəbəkələrdə böyük reklam axını var və bu reklamların nə qiyməti məlumdur, nə forması, nə də həcmi. Hələ mən reklamın bu formasından gələn gəlirləri demirəm. Bu vəziyyət digər sahələrə də ziyan vurur.

- Birini də mən deyim-reklamların dil problemi…

- Doğru qeyd edirsiniz, həqiqətən də acınacaqlı bir durum var. Kim necə istəyir, nə istəyir yazır. Sonda da Azərbaycan dilinə, qlobal götürəndə mədəniyyətimizə ciddi zərbə dəyir. Bu, təkcə sosial şəbəkələrdə deyil, açıq hava reklamlarında da tez-tez rast gəlinir. Biz istəyirik ki, dilçi alimlərimiz, tanınmış ziyalılarımız, o cümlədən də istedadlı jurnalistlərimiz bu prosesə cəlb olunsun, onların dəyərli fikirləri, məsləhətləri öyrənilsin. ARİ-nin iş planında bununla bağlı dəyirmi masaların, müzakirələrin keçirilməsi nəzərdə tutulub. 

Digər bir vacib məsələ qanunvericiliklə bağlıdır. Təşkilatımızın bu vacib məsələ ilə bağlı da xeyli təklifləri var, həmin təklifləri sisetemləşdirəndən, mütəxəssislərlə məsləhətləşəndən sonra ictimai müzakirəyə təqdim edəcəyik. Reklam sahəsində problemlərdən söz açarkən bir məsələyə də toxunmağı vacib hesab edirəm. Xaricdə istehsal olunub burada satılan malların reklamlarını biz gündəlik həyatımızda çox rastlaşırıq. Lakin biz istərdik ki, bu məsələ də yeni qanunla tənzimlənsin. Yəni xaricdə Azərbaycanda əmtəələrini satan əcnəbi firmalar mütləq ölkəmizdə öz reklam nümayəndəliklərini açmalıdırlar. Bunun sayəsində də biz həm yeni iş yerləri yarada bilərik, həm də vergi yolu ilə dövlət büdcəsinə əlavə vəsaitin toplanmasına nail olarıq.  Məsələn, Vətən müharibəsində qazanılan tarixi zəfərimizlə bağlı çox maraqlı, kreativ sosial layihələr hazırlanır, amma təəssüf  ki, bunu reallaşdırmaq üçün sponsorlar tapmaq müşkülə dönür. Ölkəmizdə milyonlarla vəsait qazanan bəzi xarici şirkətlərin burada reklam nümayəndəlikləri yoxdur ki, biz onlarla bu məsələni müzakirə edək. Həmin şirkətlərin nümayəndələri ilə danışmaq üçün mən niyə  Rusiyaya, Qazaxıstana, Türkiyəyə getməliyəm? İndiki vəziyyət həmin şirkətlərə sərf edir, çünki qanunda boşluqlar var. Qazaxıstanda və ya başqa bir şəhərdə reklam nümayəndəliyi açan o firmalar Azərbaycan məkanında reklam yayımı üçün hansısa yerli reklam şirkətləri  ilə iş birliyi yaradaraq  “reklam fəailiyyəti” göstərirlər. Reklam sahəsində hərc-mərclik çoxlarına sərf edir. Belə şirkətlərin marağında deyil ki, yaxşı reklam layihələri brend firmalara bilavasitə təqdim olunsun.

- Artıq bir neçə ildir ki, Azərbaycanda Dövlət Reklam Agentliyi fəaliyyət göstərir. Bir mütəxəssis kimi bu qurumun işindən razısınızmı?

- Adından da göründüyü kimi, bu qurum Dövlət Reklam Agentliyidir, amma səlahiyyəti təkcə açıq məkanlarda yayımlanan reklamalara aiddir. Metroda, digər nəqliyyat növlərində yayımlanan reklamalara cavabdeh deyil.

Digər bir məsələ isə idarəçilik mexanizmi ilə bağlıdır, təəssüf ki, bu qurum düzgün reklam strategiyası qura bilmədi.  İlk gündən açıq məkan reklamına qoyulan qiymətlərin baha, standart olması reklamın açıq məkan sahəsinin inkişafında gerilik yaratdı. Qiymət siyasəti düz qurulmadığına görə açıq məkandan imtina edən şirkətlər isə əksinə burada uddu. Çünki digər sahələrdə, hansı ki, qiymələr standart deyil, bazarla tənzimlənir, o sahəyə öz reklamlarını yönəltdilər. Bu qurum bilavasitə açıq məkanda reklam vergi yığımı qurumu kimi fəailiyyətdədir. Bayaq standart qiymətlər termini işlətdim. Bu nə deməkdir? Dünyada reklamda standart qiymətlər yoxdur. Reklamçılar İttifaqı İctimai Birliyi də təklif edir ki, dünya təcrübəsindən yararlanaq. Tutaq ki, dondurmanın reklam qiymətində yayda bir, qış mövsümündə isə tamam fərqli tarif olmalıdır. 

- Sosial reklam sahəsində vəziyyəti necə dəyərləndirərdiniz?

- Reklamın ən vacib sahəsi ilk olaraq sosial reklamdır. Azərbaycanda müxtəlif qurumlar tərəfindən sosial reklamlara tez-tez rast gəlirik. Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,  belə reklamlardan istifadə edirlər. Lakin digər qurumların da bu vasitədən istifadə etməsi lazımdır. Burada əsas güc respublikamızda fəailiyyət göstərən reklamverici şirkətlərə düşür. Ümumiyyətlə, sosial reklam dedikdə heç də bəziləri kimi hansısa konsertlərə sponsor olmaq deyil. Sizə deyim ki, reklamla bağlı qanunvericilikdə də sosial reklamların verilməsi məcburidir. Yaxşı olardı ki, reklamverici şirkətlərə öhdəçilik qoyulsun ki, sosial reklama ayrılan vəsaitin bəlli bir faizi regionlarda tətbiq edilsin. Bakı şəhərinin müxtəlif ərazilərində, xüsusi ilə rayon və şəhərlərimizə gedən beynəlxalq yollar ətrafında və rayonların, şəhərlərin mərkəzi ərazilərində vətənpərvərlik mövzulu sosial reklamların quraşdırılması yaxşı olardı. Qalib və qüdrətli Azərbaycanın tarixi, zəngin mədəniyyəti barədə tanıtım reklamlarına da böyük ehtiyac var. Təəssüüf ki, kommersiya reklamları üçün xüsusi firmalara yer verilir və  belə reklamlar yayılması üçün digər firmalara  şərait yaradılmır. Yəni kommersiya maraqları mədəni maraqları üstələyib açıq məkan reklamlarında.

- Bəzən tamaşaçılar gileylənir ki, telekanallar reklamlara həddindən çox yer verir…

- Belə narazılıqlar hər zaman olacaq, təsəvvür edin ki, tamaşaçı hansısa bir proqramı maraqla izləyir, amma birdən reklamlar efirdə yayımlanır. Lakin gərək telekanalların da marağını, iqtisadi durumunu nəzərə alaq, reklam olmadan  onlar necə gəlir əldə edə bilərlər? İzləyicilərin reklamların dili, səviyyəsi  barədə narazılığı isə əsasən haqlıdır. Söhbətimizin əvvəlində bu məsələyə toxunduq, əksər hallarda mətnlər primitiv olur, dil qaydalarına əməl edilmir. Bizdə çox vaxt xaricdə istehsal olunan reklamları dublyaj edib  göstərirlər. Tərcümənin,  səsləndirmənin keyfiyyəti urəkaçan olmur. ARİ-nin hazırladığı təkliflər paketində bu məsələ də nəzərə alınıb. Yerli reklamçılara  sifariş verən iri şirkətlərə müəyyən güzəştlər edilsə məqsədəmüvafiq olar, bu, həm də yeni iş yerlərinin açılmasına, reklam sahəsində yerli kadrların yetişməsinə stimul ola bilər. Bizdə ədatən şou-biznes nümayəndələrini reklam çarxlarına çəklirlər, təbii ki, bu da yeksənəklik yaradır. Görkəmli alimləri, şair və yazıçıları, ziyalılarımızı, Vətən savaşında igidlik göstərən əsgər və zabitlərimizi də reklamlara çəkməliyik. Bundan çəkinmək lazım deyil, dünya belə praktikadan çoxdan yararlanır. 

- Erməni işğalından azad etdiyimiz Qarabağla əlaqəli reklam strategiyasını siz necə görürsünüz?

- Olduqca vacib məsələyə toxundunuz. Bu gün Qarabağda, işğaldan azad olunmuş ərazilərimizdə reklam işinin effektiv qurulması əsas hədəflərimizdən biri olmalıdır. Bunun üçün yeni təkliflər, qaydalar üzərində çalışırıq. Xüsusi ilə əcnəbi qonaqların Qarabağa müntəzəm səfərlərini nəzərə alıb elə etməliyik ki, hər bir şəhər və rayonumuz, yaşayış məskənimiz barədə onlarda doğru-düzgün məlumat olsun. Hər şəhərin özünəməxsusluğu, tarixi, mədəniyyəti, mətbəxi hökmən nəzərə alınmalıdır. Həmin  ərazilərdə reklam yerləşdirəcək hər hansı bir şirkətə hər 5 reklamdan bir sosial reklama sponsorluq etmək tələbi qoyulmalıdır.  ki, bu anda da oralarda sosial reklam çox geniş yayılar. Çox istərdik ki, yerli mütəxəssislərimiz bu işlərdə yaxından iştirak etsinlər.

Etibar Cəbrayıloğlu


SON XƏBƏRLƏR

24 Aprel 2024