• Bakı 22° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Varvarizmləri leksikonumuzdan necə çıxarmalı? – EKSPERT HƏLL YOLUNU AÇIQLADI

CƏMİYYƏT

23 Iyul 2021 | 13:23

Varvarizmləri leksikonumuzdan necə çıxarmalı? – EKSPERT HƏLL YOLUNU AÇIQLADI

Dilimizin saflığının və təmizliyinin qorunması, nitq mədəniyyətinin inkişafı hər bir dövrdə olduğu kimi, müstəqillik dönəmində də mühüm əhəmiyyət kəsb edir. Respublikamızda son illər bu istiqamətdə konkret tədbirlər həyata keçirilib, ciddi addımlar atılıb. Ana dilinə dövlət tərəfindən diqqət və qayğı xeyli dərəcədə yüksəlib. Alimlərimiz, ziyalılarımız da bu haqda kifayət qədər danışıb, öz fikir və mülahizələrini, iradlarını bildiriblər.

Lakin bütün bunlara baxmayaraq, bu gün həm yazılı, həm də şifahi nitqdə ədəbi dil normalarının pozulması, dilimizin kənar təsirlərlə korlanması halları hələ də davam etməkdədir. Bu gün özümüz də istəmədən azərbaycan dilində qarşılığı olan sözləri rus, türk və ya başqa dillərdə deyirik.

Bəs, belə sözləri lekikonumuzdan necə çıxara bilərik?

“Diksiya Akademiyası”nın rəhbəri, natiqlik sənəti üzrə ekspert Cəlalə Nəzəroğlu Bakıvaxtı.az-a bildirib ki, dilimizdə varvarizmlər geniş yayılıb, baxmayaraq ki, biz Sovet Hakimiyyətinin tərkibindən çoxdan çıxmışıq: “Amma nəsildən-nəsilə ötürülən ünsiyyət bacarıqları təəssüf ki, bəzi mənfi məqamları da özü ilə sürükləyib daşımış olur. Varvarizmlər dilimizin rəsmi lüğətində yer almayan kəlimələrdir. Məsələn, “okey”, “arkadaş”, “tamam”, “uje”, “daje”, “kstati”, “neujeli”, “vo opşe”, “koniyeşna”, “i”, “intervyu” və s. Bu sözlərin heç biri bizim rəsmi lüğətimizdə yer almayıb”.

Cəlalə Nəzəroğlu qeyd edib ki, insanlar bəzən varvarizmlərlə başqa köklərdən alınmış sözləri qarışdırırlar: “Məsələn, deyirlər ki, ona qalsa filan söz də fars mənşəlidir və bizə aid deyil, onda gərək bunu da varvarizm sayaq. Mən razıyam, bəli, dilimizdə fars, avropa, slavyan kökənli sözlər var. Heç də bizim lüğətimiz tərtəmiz türk sözlərdən ibarət deyil. Amma bütün hallarda bu kökənli sözlər Nazirlər Kabineti tərəfindən təsdiqlənib və lüğətə alınıb. Lüğətə alınmayan sözlər istifadə olunursa, onlar varvarizm hesab edilir. Aradan qaldırmaq üçün sadəcə hansı sözlərin varvarizm olduğunu bilmək lazımdır, onların Azərbaycan dilinin lüğətində yer alan qarşılıqlarını tapıb gündəlik istifadə etmək lazımdır”.

Nuranə Daxilqızı

 


SON XƏBƏRLƏR

18 Aprel 2024