• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Zəngəzur dəhlizi Ermənistan üçün də sərfəlidir - EKSPERT 

CƏMİYYƏT

23 Iyul 2021 | 17:36

Zəngəzur dəhlizi Ermənistan üçün də sərfəlidir - EKSPERT 

Dünən mətbuatda Zəngəzur dəhlizinin açılacağı ilə bağlı məlumat yayılıb. Belə ki, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan 2021-ci il dekabrın ortalarına qədər regional nəqliyyat və iqtisadi əlaqələrin açılması ilə bağlı razılaşmanı imzalayacaq. Bəs Zəngəzur dəhlizinin nəhəng imperiya dövlətləri üçün bu qədər vacib olmasının səbəbi nədir? Dövlətlərin maraqları nədir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli dövlətlərin Zəngəzur dəhlizinə niyə bu qədər maraq göstərdiyindən danışıb:

ngəzur dəhlizinin və kommunikasiyaların açılması məsələsi 10 noyabr sazişində öz əksini tapmışdı. Sadəcə Ermənistanda baş verən hadisələr sazişin bu hissəsinin yerinə yetirilməsində müəyyən ləngimələrə səbəb olurdu. Çünki Ermənistanda seçki dövrü idi, Paşinyanla bağlı vəziyyət tam aydın deyildi. İndi seçki arxada qaldı və Paşinyan baş nazir kimi daha çox səs üstünlüyünə malik oldu. Nəticə etibari ilə, indi həmin 10 noyabr sazişinin yerinə yetirilməsi üçün daha yaxşı imkanlar və fürsətlər yaranıb. Buna görə Azərbaycan və Rusiya prezidentinin son görüşündə də kommunikasiyaların açılması əsas müzakirə məsələsi oldu. Mənə elə gəlir ki, bu sahədə proses sürətlənəcək.Təbii ki, burda hər bir ölkənin öz marağı var. Rusiyanın marağı aydındır və bu dəhlizin açılmasında çox maraqlıdır. Çünki uzun illərdir, 2008-ci ildən bəri Gürcüstandakı hadisələrdən sonra Gürcüstan üzərindən Ermənistandakı iqtisadi və hərbi maraqlarını logistik olaraq təmin etmək üçün Rusiya müəyyən problemlərlə qarşılaşırdı. Gürcüstan tərəfi haqlı olaraq bəzi hallarda keçidlərə icazə vermirdi. Bundan başqa, təbii maneələr də var idi. Noyabrdan fevralın sonu, martın əvvəllərinə qədər Gürcüstan keçid məntəqələrində, yəni Rusiya sərhəddində yuxarı olan keçid məntəqəsində çox vaxt təbii şəraitə görə yollar bağlı olurdu. Qar uçqunları, çox pis hava şəraiti o bölgədə yüklərin daşınmasında siyasi problemlərlə yanaşı müəyyən problemlər də yaradırdı. Ona görə də, Rusiyanın marağı ondan ibarətdir ki, dəhlizin tezliklə açılmasını təmin etdikdən sonra Azərbaycan üzərindən Ermənistana iqtisadi və hərbi yüklərin daşınmasını təmin etsin. İnfrastruktur var və ya demək olar ki, Ermənistanla sərhəddə qədər Azərbaycan tərəfi bərqərar edəcək. Bundan sonra Ermənistan tərəfdə də yolların tikintisi ilə bağlı qərar veriləcək. Çox güman ki, yaxın zamanlarda bu işlərin görülməsinə start verilməsi gözlənilir. Azərbaycan tərəfin də, təbii ki, öz maraqları var. Bu maraqlar ondan ibarətdir ki, Naxçıvan bölgəsi ilə Azərbaycanın digər hissəsinin birləşdirilməsi ilə yanaşı Türkiyədən Naxçıvana, ordan Azərbaycana, Azərbaycan üzərindən isə Orta Asiyaya yeni böyük bir logistik xətt yaranır. Bu da ticarət dövriyyəsinin artmasına, ümumiyyətlə, türk respublikalarının bir-biri ilə daha sıx əlaqələr yaratmasına yardımçı olan əsas amillərdən birinə çevriləcək. Nəticə etibari ilə də, həm Rusiya, həm Azərbaycan, həm dəTürkiyənin maraqları təmin edilir.

Əslində, Ermənistan üçün də bu sərfəlidir. Ermənistan da iqtisadi və coğrafi olaraq, demək olar, dalanda yerləşirdi. Bu dəhliz vasitəsilə Azərbaycanda həm İrana, həm Türkiyəyə, həm də Orta Asiya respublikalarına yeni çıxışlar əldə edəcək. Bu, nəticə etibarilə, Ermənistanın da maraqları çərçivəsindədir. Sadəcə hərbi məğlubiyyət Ermənistanda bu məsələnin ağıl və məntiqlə müzakirəsinə maneə olur. Onlar burda yeni təhlükələr görürlər. Ancaq, dediyim kimi, həm Azərbaycan, həm Türkiyə, həm Rusiya, həm Ermənistan, həm İranın, hətta Gürcüstanın belə maraqlarına cavab verəcək bir logistik yeni dəhlizlərin açılması gündəmdədir. Bu da Zəngilan dəhlizi ilə mümkün olacaq. Bu iqtisadi əlaqələrin genişləndirilməsi gələcəkdə Türkiyə, Azərbaycan üzərindən Orta Asiya respublikalarını, hətta Çini belə Avropaya bağlayacaq yeni bir xəttin açılması deməkdir. Yəni şərq-qərb dəhlizinin yeni bir istiqaməti demək olacaq ki, bu da bir çox dünya ölkələrinin də marağındadır. Yəni logistik xətlərin yaranması, yeni yükdaşıma yollarının açılması alternativlərin olması ticarət dövriyyəsini bölgələrimizdə sürənləndirəcək və Azərbaycanın da logistik bir mərkəzə çevrilməsi üçün kifayət qədər potensialını artıran addıma çevriləcək.

Aytac Aslan


SON XƏBƏRLƏR

28 Mart 2024