• Bakı 11° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Böyük tələbə layihəsi – 29 
YAZARLAR
22 Noyabr 2021 | 10:51

Böyük tələbə layihəsi – 29 

Dr.Kəmalə Ələkbərova

Noyabr ayı xalqımız, millətimiz üçün əlamətdar aydır. Noyabr ayı bizim 29 il həsrətini çəkdiyimiz, çox istədiyimiz amma bir yandan da gerçəkləşdiriləcəyinə inana bilmədiyimiz qələbəni yaşadığımız aydır. Noyabr ayı həm də mənim kimi yüzlərlə insanın həyatını, taleyini dəyişən bir ayıdır.  Tam 29 il əvvəl noyabrın bu günlərində biz, sovet rejiminin qanlı pəncəsindən xilas olmuş, hələ təzə-təzə ayağa durmağa çalışan ölkənin gəncləri təhsil, ziya arxasında qardaş Türkiyəyə yola düşdük.

O illərdə iqtisadi vəziyyəti çox da ürəkaçan olmayan Türkiyə iki su anbarı tikintisini təxirə salaraq əvəzində Türk dövlətlərinin hər birindən min gəncə təhsil verməyi qərara aldı. Halbuki o illərdə Türkiyənin su ehtiyatları az idi və bu sahədə böyük çətinliklər yaşanmaqda idi. Beləliklə də XX əsrin ən böyük təhsil layihəsi olan “Böyük Tələbə Layihəsi”nə start verildi. O illərdə ən çox ehtiyac duyulan ixtisaslarda təhsil almaq üçün Azərbaycan hökumətinin dəstəyi ilə 1992-ci ilin 19 iyulunda Azərbaycan tarixində ilk dəfə test üsulu ilə qəbul imtahanı keçirildi və  imtahanda iştirak edən minlərlə namizəd arasından 929 gənc tələbə adını qazandı – 929 nurlu beyin, 929 parlaq gələcək.  

Bəs Türkiyədə oxumaqla biz nə qazandıq, nə itirdik?

Siyasi baxışından, mövqeyindən və cinsindən asılı olmayaraq insanda ən gözəl xüsusiyyət vəfadır. Ona görə də əvvəlcə həyatımızı, taleyimizi dəyişən bu layihədə xidməti olan hər kəsə təşəkkür edir, başda da mərhum prezidentimiz Əbülfəz Elçibəyə, Tələbə Qəbul Komissiyasının yaradıcısı və ilk sədri mərhum Vurğun Əyyuba və dünyasını dəyişən digər insanlara Allahdan rəhmət diləyirəm. Daha sonra məhrum prezidentimiz Heydər Əliyev tərəfindən də tədqiq edilən, böyük dəstək görüb davam etdirilən xaricdə təhsil proqramı təəssüf ki, 2017-ci ildə dayandırıldı.

Bizim 1992-ci ilin noyabr ayından başlayan yol, can yoldaşlığımız isə hələ də davam edir. Tələbə vaxtı çox çətinliklər, ehtiyac görsək də tikəmizi, çörəyimizi, sevincimizi, kədərimizi bölüşdük. Biz təkcə tələbə yoldaşı olmadıq. Biz möhkəm bağlarla bağlı bir ailə olduq. Həm də illər keçdikdə bu bağlılıq daha da möhkəmlənir, dərinləşir. İxtisasından, məzuniyyət ilindən asılı olmayaraq biz hələ də bir-birimizin “tələbə yoldaşı”yıq. Bu sözlərlə ifadə oluna bilməyəcək qəribə bir doğmalıqdır.

O illərdə Türkiyə dövləti də dağ kimi arxamızda durdu. Özünün o çətin günlərində bizimlə maraqlandı, ehtiyaclarımızı qarşıladı. Dövlət idarələrində bürokratik maneələrlə demək olar ki, heç qarşılaşmadıq. Biz orada özümüzü heç qərib ölkədəki kimi hiss etmədik. İstər dövlət, istərsə də türk xalqı bizi sevgi və qayğı ilə qarşıladı. Biz isə gənc, enerjili, əzimli və həyat eşqi ilə dolu idik. Düzdür, aramızda darıxanlar, çətinliyə dözməyib yarı yoldan dönənlər də oldu. Amma çoxumuz oxuduğumuz universitetlərdən məzun olduq. Ən çətin günlərimiz məzun olduqdan sonra başladı. İdeallar, xəyallarla vətənə döndük. Çoxumuz ilk illərdə işsiz qaldıq. Bəziləri buna görə ölkəyə qayıtmadı da.          

Vətənə qayıtdığımız ilk illərdə soyuq qarşılansaq da bu gün Azərbaycanda Türkiyə universitetləri məzunları böyük bir gücdür. 1992-ci ildə Türkiyəyə gedən savadlı, ürkək, əksəriyyəti kasıb və rayon uşaqları olan bu gənclər arasında çox sayda alimlər, müəllimlər, həkimlər, hakimlər, mühəndislər, ictimai xadimlər, jurnalistlər, məmurlar var. Yeni gəldiyimizdə demək olar ki, hər birimiz rusbaşlı, savadsız, riyakar, məkrli məmurlarla mütləq qarşılaşdıq. Bəziləri bizi “Ankaranın agentləri” adlandırsa da savadımızdan şübhə edə bilməzdilər. Biz ürəyi vətən, millər eşqi ilə döyünən, ölkəsi, dövləti üçün canından keçməyə hazır, idealist gənclər idik. Dişimiz-dırnağımız ilə, “day-daysız” müəyyən yerlərə gələ bildik. Türkiyədə oxumağım şəxsən mənim üçün “yaşıl işıq” oldu. Bəlkə də bəzi süni maneələr olmasaydı Türkiyə universitetləri məzunları daha da irəli gedər, ölkəmizə, dövlətimizə və xalqımıza daha da faydalı olardılar.

44 günlük müharibəsi dostumuzu-düşmənimizi bir daha bizə tanıtdırdı. Ölkəmizin, xalqımızın mənafeyi, gələcəyi üçün, dəmir yumruq ətrafında birləşən Türkiyə universitetləri məzunları vətən müharibəsində heç bir maddi, mənəvi dəstəklərini əsirgəmədilər. İstər ölkəmizdə, istərsə də xaricdə yaşayan irəli gedən, tanınmış iş adamı, həkim, məmur və digər məzun dostlar birləşdilər. Bəzi məzun dostlar vasitəsi ilə 44 gün ərzində bir baş cəbhəyə, hərbi hospitallara çeşidli  yardımlar göndərildi. Tanınmış ictimai xadim, tarixçi, alim məzunlar sosial media, radio və televiziya kanalları vasitəsi ilə haqq səsimizin ölkə xaricində eşidilməsi üçün çalışdılar. Hər kəs əlindən gələni etdi. Heç kim malını, canını əsigəmədi. Artıq məzunlarımız arasında da yüksək postlarda layiqli yerini tutan, ölkəsinə xidmət edənlər var.  

Əziz Türkiyə universitetləri məzunları, əziz dostlarım, əziz ailəm, 29-cu ilimiz mübarək olsun. İnanıram ki, bundan sonrakı günlərdə də məzun dostların potensialından ölkəmizin rifahı naminə istifadə ediləcək və biz yenə də yeni təyinatları eşidib sevinəcəyik. Dövlətimiz bilir ki, Türkiyə məzunları dövlətinə xəyanət etməz, o məsuliyyətlidir, vicdanlıdır və hər zaman dövlətinin, xalqının, prezidentinin arxasındadır. Çünki “Türkiyə universiteti məzunu” demək – “savad”, “ədalət”, “dürüstlük”, “vətənpərvərlik”, “məsuliyyət” deməkdir.  

Dr. Kəmalə Ələkbərova


SON XƏBƏRLƏR